Preloader

Bizi izləyin

Blog

Musiqi və dil: Nə üçün musiqi ilə məşğul olan insanlar yaxşı tərcüməçi ola bilirlər?

Musiqi və dil: Nə üçün musiqi ilə məşğul olan insanlar yaxşı tərcüməçi ola bilirlər?

Əldə edilmiş bir çox sübutlar göstərir ki, musiqi ilə məşğul olmuş insanlar xarici dil öyrənərkən uğurlu nəticələr əldə edir və çətin dil bacarıqlarının formalaşdırılmasında yüksək intellektual bacarıq nümayiş etdirir. Məsələn, onlar beyinlərində sürətli şəkildə müxtəlif dillərə tərcümə edə bilirlər. Buna görə də, musiqi bacarığı olan insanlar tərcüməçilik kimi dil ilə bağlı peşələr üçün uyğun namizəd olurlar.

Musiqi dil öyrənən şəxslərə dilin formalaşdığı mədəniyyətlə bağlı böyük anlayış da bəxş edir və məhz bu, uğurlu tərcüməçi olmaq üçün vacib amildir. Aşağıda musiqi ilə məşğul olan şəxslərin tərcüməçilik üçün niyə uyğun namizəd olduğunun səbəbləri izah olunub.

Musiqi və dil elmi cəhətdən bir-biri ilə əlaqəlidir

Musiqi duyumu olan insanların yaxşı tərcüməçi ola bilmə səbəbi musiqi və dil arasındakı elmi əlaqədən qaynaqlanır. Musiqidə olduğu kimi insanlar da sözləri müxtəlif ritm və tonlarda ifadə etdiyindən danışıq dilindəki sözlərin özündə də bir musiqi duyulur. İnsanlar musiqi və dili eyni idrak prosesi vasitəsi ilə şərh edirlər. Musiqi və nitqlə bağlı proseslər beyinin müxtəlif yarımkürələrində getsə də, mütəxəssislər musiqi və nitq qavrayışının sinir bölgələrinin üst-üstə düşdüyünü aşkarlayıblar.

Musiqiçilər müxtəlif dilləri öyrənməkdə yüksək məharət göstərirlər

Musiqi və dil arasındakı bu güclü əlaqə əvvəllər musiqi ilə məşğul olmuş şəxslərə digərləri ilə müqayisədə daha sürətli şəkildə dil qavrama imkanı verir. Bu, onların daha uğurlu natiq olmasına imkan yaradır və bunun nəticəsində də onlar dil sahəsindəki karyeralarında asanlıqla yüksələ bilirlər. Araşdırmalar göstərir ki,  yeddi yaşına kimi musiqi ilə məşğul olmuş şəxslər bir çox bacarığa yiyələnmiş olur və bu bacarıqlar sayəsində onlar xarici dili daha asan qavrayır. Həmin müddət ərzində beyin inkişaf mərhələsinin ən həssas dövründə olduğu üçün, musiqi ilə məşğul olmaq gənc musiqiçilərin  zəngin söz ehtiyatı yığmasına yol açmaqla onların dərk etmə qabiliyyətini inkişaf etdirir və səslər arasındakı incə fərqlərin duyulmasını və tanış olmayan sözlərin yüksək səviyyədə tələffüzünü təmin edir.

Hər hansısa bir dili öyrənmə və həmin dildə danışma istənilən bir musiqi alətində ifa etməklə eyni idrak prosesinə əsaslandığından yaşlı musiqiçilər də bundan yararlana bilər. Araşdırmalar göstərir ki, həm musiqi, həm də dil sahəsində püxtələşmək beyində yüksək səviyyədə idarəetmə tələb edir. Bu iki sahə üzrə peşəkarlaşmaq üçün diqqətin müxtəlif mövzulara yönləndirilməsi, yaddaş və müxtəlif tapşırıqların eyni zamanda həyata keçirilməsi kimi bacarıqlar tələb olunur. Deməli, musiqi qabiliyyəti olan şəxslər bu bacarıqları özündə cəmləşdirir və dil öyrənərkən həmin bacarıqlardan istifadə edir.

Bu yüksək dil qabiliyyəti musiqi duyumu olan insanları dil sahəsindəki peşələr üçün lazım olan bir sıra bacarıqlarla təmin edir. Məsələn, onlar beyinlərində sürətli şəkildə tərcümə edə bilir, natiqin səs tonunu dəyərləndirir və xarici dildəki ifadələri daha yaxşı tələffüz edir. Bu bacarıqlara yiyələnmək çətindir, lakin əldə edilmiş sübutlar göstərir ki, musiqi ilə məşğul olan şəxslər musiqi ilə məşğul olmayan şəxslərə nisbətdə daha çox üstünlüyə sahibdirlər və bunun sayəsində onlar bu bacarıqların gündəlik tətbiq edildiyi çətin tərcüməçilik peşəsi üçün uyğun namizədə çevrilirlər.

Musiqi dil öyrənən şəxslərə başqa yöndən də kömək edir

Ən yaxşı tərcüməçilər tərcümə edərkən həmin dilin mədəni ünsürlərini də nəzərə alaraq uğursuz tərcümədən yayına bilənlərdir. Tərcüməçi olmaq istəyən şəxslərə öyrəndikləri dilin işləndiyi ölkəyə gedərək yaşamaq məsləhət görülsə də, həmin dildəki mahnılara qulaq asmaq da dilin formalaşdığı mədəniyyəti tanıma şansı yaradır və üstəlik onlar bunu hər gün və  böyük maliyyə vəsaiti ayırmadan edə bilərlər.

İnsanların dil öyrənməsində xarici dildə səsləndirilmiş mahnıların də rolu vardır. Bir çox yeni dil öyrənənlər sözü yanlış tələffüz etməkdən qorxduqları üçün xarici aksentlə danışmaqdan çəkinirlər, lakin musiqi ilə məşğul olmuş şəxslər bunun əksinə olaraq həmin dildəki mahnını çəkinmədən oxuyurlar və beləliklə, onlar daha az sıxılır və özlərini daha çox ifadə etmək arzusunda olurlar.

Bu öyrənmə metodu çox əyləncəlidir və dil öyrənən şəxslərə beyinlərində səslərlə işləmə imkanı yaradır və beyin kiminsə quru nitqinə qulaq asaraq və ya dərslikdən oxuyaraq öyrənmək əvəzinə bu prosesdən zövq alır. Musiqi sayəsində beyinin hər iki- sağ və sol yarımkürəsi birgə işləyir və bu da öz növbəsində verilən informasıyanın yüksək səviyyədə dərkinə yol açır. Musiqi qabiliyyəti olan şəxslər üçün müxtəlif dillərin öyrənilməsi və danışılması həddindən artıq asan proses ola bilər. Onlar həmin dilin formalaşdığı mədəniyyəti daha asan mənimsəyirlər.

Yuxarıda sadalanan bütün bu səbəblərə görə musiqi bacarığı olan şəxslər daha yaxşı tərcüməçi ola bilir.