Preloader

Bizi izləyin

Blog

Tibbi tərcümə

Tibbi tərcümə

Tibbi tərcümə nədir

Tibb sahəsi ilə bağlı müxtəlif növ sənədlər hazırlanır. Bu sənədlər istifadəçi üçün təlimat kitabçaları, pasiyent haqqında məlumat vərəqələri (PMV-lar), məlumatlandırılmış razılıq formaları (MRF-lar) və s. ola bilər. Yüksək keyfiyyətli tibbi tərcümə üçün tələb olunan əsas komponentlər bilik və resurslardır.

Tibbi sənədlərin tərcüməsi həyati əhəmiyyət kəsb edə bilər. Məsələn, bir şəxs klinik sınaqda iştirak edir, lakin sınağın aparıldığı dildə danışa bilmir. Həkimlər bu kimi vəziyyətlərlə qarşılaşdıqda, bir tərcüməçiyə və ya tərcümə şirkətinə müraciət edirlər. Tibbi tərcüməni tərcümə sahəsində tələb olunan səriştəyə və təcrübəyə malik bir mütəxəssisə etibar etməyin nə dərəcədə vacib olduğunu vurğulamaq üçün dilimizdə kifayət qədər qüvvətli söz yoxdur.

Sadə sözlərlə desək, tibbi mətnlərdəki səhvlər dəhşətli nəticələrə, ən acınacaqlı vəziyyətdə isə hətta ölümə səbəb ola bilər. Ən qiymətli nemət olan insan sağlamlığından danışarkən səhv tərcümədən söhbət gedə bilməz. Bu səbəbdən, həkimlərlə və bu sahənin mütəxəssisləri ilə sıx əməkdaşlıq etmək və nəticədə məqsədinə ən yaxşı şəkildə nail ola biləcək dəqiq və anlaşıqlı mətnlər əldə etmək vacibdir.

Hər şeydən əvvəl, tibbi sənədlər ciddi qaydalara tabedir. Sənədlərdəki uyğunsuzluqlar təsdiqin alınmasında gecikmələrə səbəb ola bilər. Bu, hər şeyin sonu ola bilər. Bu kimi uyğunsuzluqlar pasiyentlərin innovativ müalicə və ya prosedur qəbul etmək imkanını azaldır.

Tibbi terminologiya

Tərcüməçilərdən başqa, həkimlər və digər tibb mütəxəssisləri də tərcüməçi kimi fəaliyyət göstərə və bu cür xidmətlər təklif edə bilər.

Bu, nəzəriyyədə böyük bir üstünlükdür, çünki siz artıq tərcüməni edən şəxsin tibbi terminlərlə, vəziyyətlərlə, xəstəliklərlə və tibbi jarqonlarla tamamilə tanış olduğundan əmin olursunuz, lakin bu, kifayət etmir.

Əgər həkim tərcümə ilə məşğul olmağa hazırdırsa, onun nəzərə almalı olduğu məqamlar var. Müvəffəqiyyətli bir tərcüməçi olmaq üçün onların yazı bacarıqları və səlis danışıq qabiliyyəti olmalıdır, əks halda oxunaqlılıq zəif ola bilər.

Kim tibbi tərcüməçi ola bilər?

Bir qayda olaraq, tərcüməçilərin tərcümə etdikləri sahə üzrə müvafiq təcrübəsi olmalıdır. Bu, xüsusən tibbi mətnlər üçün belədir. Tibbi terminlər çox spesifikdir və adətən hətta təcrübəli tərcüməçinin belə çoxlu araşdırma aparmasını tələb edir. Tərcüməçilər (eyni qaydada həkimlər) çox vaxt müəyyən bir sahə, məsələn, qastroenterologiya, endokrinologiya, nevrologiya və s. üzrə ixtisaslaşmalı olur.

Onlar sadəcə aldıqları tibbi sənədin hər hissəsini tərcümə etmir. Digər bir vacib məqam isə odur ki, müvafiq sahə üzrə mətnlər tamamilə qərəzsiz olmalıdır. Bu, o deməkdir ki, əgər tərcüməçi mənbə dildəki mətn haqqında çox qəti fikrə sahibdirsə (onunla razılaşa və ya razılaşmaya bilər), bu, ümumi konsepsiyaya təsir edə bilər. Son olaraq, qərəzli yanaşma mənbə dildəki mətnin zəif tərcümə olunmasına səbəb ola bilər.

İxtisaslı tibbi tərcüməçinin müvafiq istinad materiallarına da əlçatanlığı olmalıdır. Bu cür resurslar onlara mənbə dildəki mətni daha yaxşı başa düşməyə imkan verəcək. Tibbi tərcüməyə gəldikdə isə, tərcüməçilərin hər iki dildə tibbi terminlərə əlçatanlığının olması vacibdir. Bu, onlara terminlərdən düzgün istifadə edilib-edilmədiyini yoxlamağa kömək edəcək.

Çətinliklər

Tibbi mətn tərcüməsinin hansı çətinlikləri var?

Tərcümənin digər növləri kimi, bu növündə də çətinliklər yarana bilər. Tibbi tərcümələr zamanı onlardan ən azı bir neçə ilə qarşılaşacağınızdan əmin ola bilərsiniz.

Bu cür çətinliklərə nümunə olaraq qısaltmaları göstərmək olar. Tibbi terminologiyada qısaltmalara ciddi şəkildə əməl olunmalıdır və bu, heç də təəccüblü deyil. Bəzi hallarda qısaltmalar da lokallaşdırılmalı olur. Mətni tərcümə edən tərcüməçi düzgün araşdırma aparmağı bacarmalıdır. Alternativ olaraq, onlar həmin xüsusi tibb sahəsində düzgün bacarıqlara malik olmalı və düzgün tərcümə edə bilməlidir.

Həkimlərin və tibb mütəxəssislərinin tez-tez qarşılaşdığı başqa bir çətinlik də var. Söhbət ünsiyyət çətinliyindən gedir.

Təsəvvür edin ki, siz həkim və ya klinik sınaqlarda deyildiyi kimi baş tədqiqatçısınız. Müxtəlif milliyyətlərdən pasiyentləriniz ola bilər. Hətta bir artıq dil bilsəniz belə, bu, pasiyentin vəziyyətini və xəstəlik tarixçəsini tam başa düşməyiniz üçün kifayət deyil.

Bu cür çətinliklərlə rastlaşdıqda, ixtisaslı tibbi tərcüməçi köməyinizə çata bilər. Tibbi tərcüməçilər tibb mütəxəssisləri ilə pasiyentlər arasında ünsiyyət körpüsü yaradır. Bu səbəbdən, onlar qiymətli sərvət hesab edilməlidir.

Yüksək keyfiyyətli tibbi tərcümə etmək üçün tələb olunan səriştəyə sahib ixtisaslı peşəkar tərcüməçi tapmaq o qədər də asan deyil. Belə bir tərcüməçi olmaq üçün uzun illər, olduqca diqqətli yanaşma və sonsuz öyrənmə həvəsi tələb olunur. Tibb gündən-günə təkmilləşir və tərcüməçilər də bununla ayaqlaşmalıdır.

Eponim nədir?

Başqa bir çətinlik isə eponimlərlə bağlıdır. Eponimin nə olduğunu bilməyənlər üçün qeyd edək ki, eponim hər hansı bir şəxsin şərəfinə onun adı ilə adlandırılan bir şeydir. Tibbdə buna müxtəlif növ xəstəliklərin, tibbi avadanlıqların və s.-in adında rast gəlinə bilər. Məsələn, Altsheymer xəstəliyi, Kron xəstəliyi və s.

Tərcüməçilər hər hansı bir eponimin mənasını bir dildən başqa dilə tərcümə edərkən çətinliklə qarşılaşırlar. Çox vaxt sözügedən xəstəliyin və ya avadanlığın adı hədəf dildə də eyni olur. Daha bir problem isə mənbə dildə hər hansı bir terminin yalnız təsvirinin verilməsi və ya onun latın dilindən götürülməsi olur ki, bu da tərcüməçinin işini daha da çətinləşdirir.

Digərlərindən əlavə, bəzi insanları təəccübləndirə biləcək başqa bir çətinlik də var. Bu, mədəni fərqlərdir. Soruşa bilərsiniz ki, bunun tibbi tərcümələrə nə dərəcədə aidiyyəti var? Cavab sadədir, müxtəlif ölkələrdə tibb mütəxəssislərinin adları müxtəlifdir, bu da tərcüməçiyə çətinlik yaradır və dəqiq araşdırılmadıqda, səhv tərcüməyə gətirib çıxara bilər. Yaxşı tərcüməçi hər iki ölkədəki (mənbə və hədəf) mədəni fərqlər barədə məlumatlı olmalıdır.

Yalnız bilikli tərcüməçi məzmunu ən dəqiq şəkildə uyğunlaşdıra bilər. Tibbi sənədlərin həm pasiyentlər, həm də həkimlər və digər tibb mütəxəssisləri üçün nəzərdə tutulduğunu unutmamalıyıq.

Deməli, tərcüməçi mənbə dilə uyğun, asan başa düşülən, həmçinin hədəf auditoriyanı və mövcud mədəni fərqləri nəzərə alan bir mətn hazırlamalıdır. Etiraf etmək lazımdır ki, bu asan bir iş deyil, lakin bunlar yalnız ən yaxşı tərcüməçilər üçün nəzərdə tutulub.

Dəqiqliyin əhəmiyyəti

Səhv tərcümə edilmiş tibbi mətn

Bunu dilə gətirmək lazımsız bir şey kimi görünə bilər, lakin bir çox insan qeyri-dəqiq tibbi tərcümənin əhəmiyyətini və nəticələrini tam dərk etmir. Hətta kiçik bir səhv tərcümə və ya durğu işarəsinin səhv yerdə istifadə edilməsi tərcümənin başa düşülməsi baxımından ciddi nəticələrə gətirib çıxara və ya ən pis halda pasiyentin sağlamlığına və ya müalicə planına təsir göstərə bilər. Məhz buna görə də tibbi tərcümələr üçün dəqiqlik çox vacibdir.

Məsələn, üçüncü dünya ölkələrində könüllü fəaliyyət göstərən həkimlər və tibb bacıları var. Bu, o deməkdir ki, onlar yalnız ana dillərində danışa bilən pasiyentlərlə işləyir və bu, onlar üçün çox çətinlik yaradır. Əgər onlar düzgün dərman təyin etmək və ya xəstəyə düzgün diaqnoz qoymaq istəyirlərsə, müəyyən məqamları bilməlidirlər.

Tibb mütəxəssisləri pasiyentlərinin xəstəlik tarixçələrini, əvvəllər qəbul etdikləri dərman vasitələrini və bu cür əhəmiyyətli başqa məlumatları bilməlidir. Bu zaman pasiyentə lazım olan müalicəni təyin etmək üçün tibbi tərcümələr çox vacibdir.

Dəqiqliyin nəzərə alınmalı başqa bir aspekti isə qaydalardır. Tibbi tərcümə ilə məşğul olarkən əməl etməli olduğunuz qaydalardan xəbərdar olmalısınız.

Bu qaydalara əməl etməmək bazarda təqdim olunmağa hazır yeni cihazların və ya illərdir üzərində işlənən yeni dərman vasitələrinin buraxılmasının təxirə salınması ilə nəticələnə bilər. Hamı bilmir ki, yeni bir dərman vasitəsinin buraxılması prosesi həqiqətən ləng gedir.

Hətta baş ağrısı kimi cüzi bir narahatlıq üçün nəzərdə tutulan dərman vasitələrinin yerli dövlət orqanları tərəfindən təsdiqlənməsi və bazara daxil olması üçün 10-15 illik klinik araşdırma tələb oluna bilər. Bunu nəzərə alaraq, tərcümələr zamanı dövlət orqanlarının tələblərinə tam əməl etmək vacibdir. Xüsusən, sözügedən tərcümə sonradan təsdiq üçün təqdim olunacaqsa.

Ən vacibi isə odur ki, dəqiqlik insan həyatını xilas edə bildiyi üçün tələb olunur. Xəstəxanadan buraxılış kağızından və razılıq formasından tutmuş test və analiz nəticələrinə qədər müxtəlif tibbi sənədlərin tərcüməsi tələb oluna bilər.

Test nəticəsi yüksək olduğu halda hər hansı səbəbdən pasiyentin vəziyyətindən asılı olaraq aşağı kimi tərcümə olunarsa, bu vəziyyət pasiyentin həyatı üçün təhlükə yarada bilər. Dəqiqlik hər zaman iki mərhələli yoxlama prosesi ilə təmin olunmalıdır. Tələb olunan dəqiqliyi və keyfiyyəti təmin etmək üçün həkimlərə tərcüməni həmişə faktlara əsasən yoxlamaq tövsiyə olunur.

Tibbi tərcümədə texnologiya

Yüksək səviyyəli tərcümə xidmətlərindən söhbət getdikdə, təkcə bilik və təcrübə kifayət etmir. Tibb mütəxəssislərinə tibblə məşğul olmaq üçün xüsusi avadanlıqlar lazımdır. Bunun tərcüməçilər üçün də belə olması təəccüblü gəlməməlidir. Optimal nəticələrə nail olmaq üçün onlara düzgün alətlər lazımdır.

Tərcümə proqramlarının köməkliyi ilə tərcüməçilər öz iş proseslərini optimallaşdıra bilərlər. Onlar tərcümə olunmuş mətnin keyfiyyəti ilə bağlı potensial riskləri minimallaşdıra, təkrarlanan hissələri, demək olar ki, heç bir səy göstərmədən redaktə edə bilərlər. Beləliklə, bu proqramlar sənədi daha ardıcıl və qaydalara uyğun hala gətirir. Tərcümə proqramları eyni zamanda tərcüməçilərə keyfiyyətin təminatı prosesində böyük kömək ola bilər. Onlar bütün mətndə istifadə olunan terminləri yoxlaya bilər.

Tərcümə proqramları eyni zamanda əvvəlcədən təyin edilmiş meyarlara əsasən potensial problemlərin qarşısını almaq üçün tərcüməni geniş şəkildə yoxlaya bilər. Şübhəsiz ki, peşəkar tibbi tərcüməçilər öz işlərini yoxlamaq üçün bir neçə proqramdan istifadə edir və bu, əldə olunan keyfiyyətdən aydın görünür.

Tərcümə şirkəti ilə işləməyin faydaları

Təcrübəli bir tərcümə şirkəti ilə işlədiyiniz zaman özünüzü təhlükəsiz hiss edirsiniz. Daha sonra yüksək keyfiyyətə və dəqiqliyə nail olursunuz.

Bu keyfiyyət və dəqiqlik tibbi mətn (və ya hər hansı bir mətn) tərcümə edildikdə atılan məcburi addımlar və keyfiyyətə əsaslanan proseslərlə təmin edilə bilər.

Bu prosesə tərcüməni üslub, qrammatika və orfoqrafiya baxımından yoxlayan ikinci bir ixtisaslaşmış tərcüməçi də daxildir. Bununla yanaşı, terminləri yoxlamaq üçün müvafiq sahə üzrə mütəxəssisə və ya həkimə ehtiyac ola bilər. Son olaraq, diqqətdən kənarda qala biləcək hər hansı uyğunsuzluğu və ya problemi aşkar etmək üçün ciddi keyfiyyət təminatı prosedurları həyata keçirilir. Bütün bu addımlar atıldıqda, tərcüməniz və onun pasiyent tərəfindən necə başa düşüləcəyi barədə narahat olmağa ehtiyac yoxdur. Tərcümə şirkətləri bunu sizin üçün təmin edə bilər.

 

 

Photo by Drew Hays on Unsplash