Preloader

Bizi izləyin

Blog

Oxu zalı: İsti döşəmə sisteminin müsbət və mənfi cəhətləri

Oxu zalı: İsti döşəmə sisteminin müsbət və mənfi cəhətləri

Təcrübəçilərimizin tərcümələrindən:

İsti döşəmə sisteminin müsbət və mənfi cəhətləri

Gəlin, su və elektriklə isti döşəmə sistemlərinin müsbət və mənfi cəhətlərinə nəzər salaq. İsti döşəmə və ya yerdən sistemi radiatorları əvəz edə bilərmi? Bu sistemlər nə dərəcədə effektivdir və ondan istifadə edənlər bu barədə nə düşünür?

Müəyyən bir otaqda xüsusən su ilə isti döşəmə sisteminin quraşdırılması baha başa gələ və dağınıqlıq yarada bilər. Buna baxmayaraq, bu sistem hamam otağındakı soyuq döşəməni müəyyən qədər isitmək və ya radiatora ehtiyac qalmadan otağı qızdırmaq üçün əla yol ola bilər.

Bu məqalədə biz isti döşəmə sistemi quraşdırmış insanların fikirlərinə əsasən, bu sistemlərin quraşdırılmasının müsbət və mənfi cəhətlərini üzə çıxaracaq və onların quraşdırılma yerləri və evinizdə elektriklə, yoxsa su ilə isti döşəmə sisteminin daha yaxşı işləyəcəyi barədə ekspert məsləhəti verəcəyik.

İsti döşəmə sistemi quraşdırmağa dəyərmi?

İsti döşəmə sistemi soyuq havada, xüsusən təbii soyuq daş və ya kafel döşəmələriniz olduqda, isti döşəmənin verdiyi rahatlıqdan həzz almağınıza imkan verən yüksək texnoloji funksiyadır.

Lakin onun quraşdırılması üçün xeyli xərc və əmək tələb olunur, buna görə də bunun sizə uyğun olub-olmadığına qərar vermək üçün nəzərə almalı olduğunuz bəzi məsələlər var. Bunun üçün həyat tərziniz və evinizdən necə istifadə etdiyiniz barədə düşünməyinizi tövsiyə edirik. Əsasən mətbəxdə olursunuz, yoxsa evə həmişə işdən sonra gec gəlirsiniz?

Bu kimi amillər isti döşəmədən faktiki olaraq nə qədər istifadə edəcəyinizə (beləliklə, ondan istifadəyə dəyib-dəymədiyinə), bu sistemin hansı otaqda və ya otaqlarda quraşdırılmasının daha effektiv olmasına və sistemin işləmə vaxtını ehtiyaclarınıza uyğun olaraq necə təyin etməli olduğunuza təsir edəcək.

İsti döşəmə sisteminin istifadəçilərinin fikrincə onun müsbət və mənfi cəhətləri

Hər hansı bir məhsulun müsbət və mənfi cəhətlərini həmin məhsuldan istifadə etmiş şəxslərdən daha yaxşı heç kim bilə bilməz. Beləliklə, biz mənzilində isti döşəmə sistemi quraşdırmış 100 nəfərdən bu sistemlə bağlı nəyi bəyəndiyini və nəyin daha yaxşı ola biləcəyini soruşduq.

İsti döşəmə sistemi: ən çox verilən sualların cavabları

Biz aşağıda isti döşəmə sistemi haqqında ən çox verilən sualların bəzilərini cavablandırmışıq.

Mənim evim isti döşəmə sistemi üçün uyğundur?

Siz demək olar ki, istənilən evdə, istər yeni bir ev tikiləndə, istərsə də mövcud bir mülkə təzədən təchiz etməklə və demək olar ki, istənilən döşəmə növündə isti döşəmə sistemi quraşdıra bilərsiniz.

Eviniz üçün lazımi istilik miqdarını əldə etmək üçün isti döşəmə sistemi sizin ehtiyaclarınıza, quraşdırılacağı otağa və döşəmənin növünə uyğunlaşdırıla bilər.

Söhbət apardığımız ev sahiblərinin çoxu evlərini təmir etdikləri üçün isti döşəmə sistemi quraşdırdığını və bu səbəbdən evdə iş görülərkən bu sistemin quraşdırılmasının ağlabatan olduğunu bildirdi. Digərləri isə bu sistemi sonradan əlavə edilmiş daş və ya şüşə tikililərdə quraşdırıb.

Sizin də təxmin edə biləcəyiniz kimi, hamam otaqları isti döşəmə sisteminin ən çox quraşdırıldığı otaqdır. Biz aşağıdakı məlumatları əldə etdik:

  • insanların 53%-i isti döşəmə sistemini hamam otağında
  • 50%-i mətbəxdə
  • 25%-i qonaq otağında
  • 19%-i isə dəhlizdə quraşdırır.

İsti döşəmə “zonaları”

İsti döşəmə həmçinin sizə müstəqil şəkildə idarə edə biləcəyiniz müxtəlif “zonalara” (isitmə sahələri) sahib olmağa imkan verir.

Zonalar ayrı-ayrı otaqlar və ya hətta böyük bir otağın (məsələn, studio mətbəx) müxtəlif sahələri ola bilər. Evin müəyyən bir “zonasında” digərlərindən daha çox və ya müəyyən zamanlarda vaxt keçirəcəyinizi bildikdə bu, faydalıdır.

Elektriklə, yoxsa su ilə isti döşəmə sistemi quraşdırmalıyam?

Çox vaxt bu sualın konkret cavabı yoxdur, hər iki isti döşəmə növünün müsbət və mənfi cəhətləri var. Sizin üçün ən yaxşı isti döşəmə növü aşağıdakı amillərdən asılı olaraq dəyişəcək:

  • qızdırdığınız məkanın ölçüsü və forması
  • sistemin mövcud döşəmənin altında quraşdırılıb-quraşdırılmaması
  • sistemin əmlakın tam təmirinin, yoxsa yeni bir tikili layihəsinin bir hissəsi kimi quraşdırılması.

Bir qayda olaraq su ilə isitmə sistemində borular üçün daha çox yer tələb olunur, buna görə də mövcud otaqlarda döşəmə səviyyəsinin qaldırılmasına ehtiyac ola bilər, quraşdırılması daha mürəkkəb və baha başa gəlir, lakin işə salındıqdan sonra daha ucuz başa gələcək. Lakin elektriklə isti döşəmənin işə salınması daha baha, quraşdırılması isə daha ucuz başa gəlir. Bacarıqlı ustalar bəzi sistemləri hətta özləri də quraşdıra bilər, lakin onu elektrik təchizatınıza qoşmaq üçün ixtisaslı bir elektrikə ehtiyacınız olacaq.

Evində isti döşəmə sistemi olan sual verdiyimiz insanların əksəriyyəti (62%) evlərində elektriklə, 38%-i isə su ilə isti döşəmə sisteminin olduğunu bildirib.

Aşağıda təqdim etdiyimiz cədvəllərdə elektriklə və su ilə isti döşəmə sistemlərinin ilkin müqayisəsi verilir.

Elektriklə isti döşəmə sisteminin müsbət və mənfi cəhətləri

Müsbət cəhətlər:

- Su ilə isti döşəmə sistemi ilə müqayisədə ilkin quraşdırma xərcləri daha azdır

- Su ilə isti döşəmə sistemi ilə müqayisədə daha tez isinir

- Su ilə isti döşəmə sistemi ilə müqayisədə quraşdırılması daha asandır və daha az yer tutur, beləliklə döşəmə səviyyəsinə daha az təsir edir

Mənfi cəhətlər:

- Su ilə isti döşəmə sistemi ilə müqayisədə istismar xərcləri daha çoxdur, beləliklə hamam otağı kimi kiçik sahələr üçün uyğundur

- Söndürüldükdən sonra daha tez soyuyur

Su ilə isti döşəmə sisteminin müsbət və mənfi cəhətləri

Müsbət cəhətlər:

- Elektriklə isti döşəmə sistemi ilə müqayisədə istismar xərcləri daha azdır, beləliklə böyük sahələr üçün daha yaxşıdır

- Elektriklə isti döşəmə sistemi ilə müqayisədə daha gec isinir

- İstilik nasosu kimi dayanıqlı isitmə sistemləri ilə yaxşı inteqrasiya olunur

Mənfi cəhətlər:

- İlkin quraşdırma xərcləri çoxdur

- İstilik sistemi söndürülükdən sonra borular mövcud istiliyi uzun müddət saxlayır

- Quraşdırılması mürəkkəbdir, borulara yer yaratmaq üçün döşəmə səviyyəsinin qaldırılmasına ehtiyac ola bilər

İsti döşəmə sistemini özüm quraşdıra bilərəm?

Bacarıqlı ustaların bu sistemləri quraşdırması üçün bəzi hazır məhsullar mövcuddur. Lakin bu, elektriklə isti döşəmə üçün daha uyğundur, xüsusən də siz bu sistemi boş naqillərlə deyil, bir-birinə qoşulmuş naqil şəbəkəsi formasında aldığınız zaman. Su ilə isti döşəmə sisteminin quraşdırılması isə daha mürəkkəb ola bilər, buna görə də onun peşəkar mütəxəssis tərəfindən quraşdırılması ən yaxşı yoldur.

Nasazlığın baş vermə riskini necə minimuma endirmək və bunu necə aradan qaldırmaq olar?

İsti döşəmə sistemi düzgün quraşdırılmadıqda, nasazlığın baş vermə riski daha yüksək olur və siz bunu, artıq döşəməni quraşdırılan sistemin üzərinə qoyduqdan sonra öyrənmək istəməzsiniz. Bunun qarşısını almaq üçün təchiz edilən təlimat kitabçasına əməl edin və sistemin üstünü qapamazdan əvvəl onu sınaqdan keçirin.

Əgər quraşdırma zamanı elektrik sistemini zədələsəniz, zədənin xarakterindən və miqyasından asılı olaraq, onu düzəltməyə kömək etmək üçün təqribən 20 funt sterlinq məbləğində təmir alətləri dəsti ala bilərsiniz.

İsti döşəmə sisteminin quraşdırılması nə dərəcədə dağıntıya səbəb olur?

Əksər yerlərdə isti döşəmə sistemini quraşdıra bilsəniz də, bu, xüsusən də mövcud otağa retrospektiv şəkildə quraşdırıldığı halda, böyük dağıntıya səbəb ola bilər.

İsti döşəmə sistemi mövcud otağa quraşdırıldığı zaman cari döşəmənin götürülməsinə ehtiyac ola bilər ki, bu da bəzi hallarda onu zədələyə və ya məhv edə bilər. Döşəmənin hündürlüyünün qaldırılmasına ehtiyac ola bilər, bu isə o deməkdir ki, siz bunu kompensasiya etmək üçün qapının hündürlüyünü azaltmalısınız.

İnsanların çoxu dağıntını və xərcləri minimum endirmək üçün digər təmir işlərini apardıqları zaman isti döşəmə sistemi quraşdırmağı seçirlər.

İsti döşəmə sistemi almaq baha başa gəlir?

Əksər yerlərdə isti döşəmə sistemini quraşdıra bilsəniz də, bu, xüsusən də mövcud otağa retrospektiv şəkildə quraşdırılırdıqda çoxlu dağıntı və yüksək xərclər deməkdir.

Sistemin özünün dəqiq xərci qızdırılan məkanın ölçüsündən və onun nə dərəcədə yaxşı izolə edildiyindən asılıdır. Daha böyük və ya izolə edilməyən otaqlar daha böyük və ya daha yüksək elektrik gücünə malik sistemlər tələb edə bilər ki, bu da daha çox xərc deməkdir.

Bununla yanaşı, isti döşəmə sisteminin satın alınması və quraşdırılması xərclərindən əlavə, nəzərə alınacaq digər xərclər də var. Sistem mövcud bir otağa təzədən təchiz edildiyi halda, cari döşəmə götürülməli olacaq ki, bu da bəzi hallarda onu zədələyə və ya məhv edə bilər. Döşəmənin hündürlüyünün qaldırılmasına ehtiyac ola bilər ki, bu da qapının və tavanın hündürlüyünə təsir edəcək. Bütün bunlar mütəxəssis üçün daha çox iş deməkdir ki, bu da əmək haqqını artırır.

İsti döşəmə sisteminin istismarı çox baha başa gəlir?

İsti döşəmə sistemi üçün istismar xərcləri yuxarıda qeyd etdiyimiz amillərin çoxundan asılıdır: sistemin neçə otaqda quraşdırılması, otağın və döşəmənin izolyasiyası, otağın ölçüsü, radiatorları əvəz edib-etməməsi və təbii ki, ondan nə qədər istifadə etdiyiniz. Xüsusən elektriklə isti döşəmənin istismarı daha baha başa gələ bilər (su ilə isti döşəmə sistemlərinin istismarı daha ucuz başa gəlir), buna görə də onu quraşdırmazdan qabaq bunu nəzərə almaq lazımdır.

Termostatlar sistemin uyğunlaşdırıla bilməsinə imkan yaradır və xərclərin azalmasına səbəb ola bilər

Siz mərkəzi istilik sistemlərində olduğu kimi, isti döşəmə sisteminiz üçün də proqramlaşdırıla bilən termostat əldə edə bilərsiniz. Bu, sizə məhz ehtiyac duyduğunuz anda sistemi yandırıb-söndürməyə, həmçinin temperaturu dəyişməyə imkan verəcək, beləliklə siz səmərəliliyi maksimuma çatdıra və istismar xərclərini azalda bilərsiniz.

Bu, həmçinin o deməkdir ki, siz bu sistemi mərkəzi istilik sisteminizdən ayrı idarə edə bilərsiniz. Əslində, isti döşəmə sistemi olan hər bir otağın öz termostatı ola bilər ki, bu da sizə maksimum rahatlıq verir. Bu, ehtiyaclarınıza və həyat tərzinizə uyğun olaraq eyni anda yalnız bir otağı tənzimləməyə imkan verir, beləliklə, ehtiyac olmadıqda istilik israf edilmir.

Əgər sadəliyi sevirsinizsə, sadə yandırma/söndürmə düymələri olan sadələşdirilmiş termostat əldə edin. Və ya yüksək texnoloji funskiyalarla maraqlanırsınızsa, sistemi smartfonunuzdan idarə etməyə imkan verən çoxlu seçimləri olan sensor ekran və ya ağıllı versiyalar da mövcuddur.

İsti döşəmə sistemi radiatorları əvəz edə bilər?

Potensial olaraq bəli. Böyük həcmli radiatorların isti döşəmə sistemi ilə əvəz edilməsi daha çox yer boşalda və daha təmiz dekorativ görüntünü təmin edə bilər.

Lakin əgər otaqda əsas istilik mənbəyi kimi isti döşəmə sistemindən istifadə etmək istəyirsinizsə, nəzərə almalı olduğunuz bir neçə məsələ var.

Hər kvadrat metrə ən azı 200 vatt istilik düşən sistemdən istifadə edin (əgər elektriklə isti döşəmə sistemidirsə).

Sistemin otağınızın ümumi sahəsinin (divardan divara) 80-90%-ni əhatə etməsini təmin edin.

Döşəmə örtüyü nisbətən aşağı istilikötürmə müqavimətinə malik olmalıdır ki, istiliyi asanlıqla keçirə bilsin.

Aşağıya doğru itirilən istilik miqdarını azaltmaq üçün isti döşəmə sisteminin altına izolyasiya lövhələri quraşdırmalısınız.

Nəzərə almaq lazımdır ki, bu sistemi başqa bir istilik mənbəyi ilə istifadə etdiyiniz temperaturdan daha yüksək temperaturda işlətməlisiniz. 

İsti döşəmə sistemi səmərəlidir?

Bu, bir sıra amildən asılıdır. Radiatorlarla müqayisədə, isti döşəmə sistemi daha davamlıdır, buna görə nəzəri cəhətdən daha səmərəlidir. Amma bu o demək deyil ki, o, daha ucuz başa gəlir. Bu, qismən insanların əksəriyyətində elektriklə isti döşəmə sisteminin olması ilə əlaqədardır və qazla (insanların çoxu radiatorları qızdırmaq üçün qazdan istifadə edir) müqayisədə, elektrik enerjisinin yüksək qiyməti elektriklə isti döşəmə sisteminin istismarını nisbətən bahalaşdırır.

Radiatorlar

  • daha yüksək temperatura, adətən ən azı 55-65°C-dək qızdırılmalıdır
  • olduğu məkanı dərhal və sürətlə qızdırır
  • istilik otaqda yavaş-yavaş paylandığı üçün, temperatur qalxıb-düşür.

İsti döşəmə sistemi

35°C kimi aşağı temperaturlarda işləyir

döşəmədən yuxarıya doğru daha geniş sahəni qızdırır

bütün otaqda daha sabit temperaturu təmin edir.

İsti döşəmə sisteminin səmərəli olması üçün düzgün şərait lazımdır

İsti döşəmə sisteminin nə dərəcədə səmərəli olduğunu müəyyən edə biləcək bir sıra amilləri də yadda saxlamalısınız, məsələn:

  • seçdiyiniz sistem növü
  • mövcud döşəmə və izolyasiya
  • sistemin quraşdırıldığı otağın ölçüsü. 

İsti döşəmə sisteminin isinməsi üçün nə qədər vaxt lazımdır?

İsti döşəmə sistemləri adətən radiatorlardan daha gec qızır. Düzgün quraşdırıldıqda, isti döşəmə sisteminin isinməsi 30 dəq ilə 1 saat arası çəkə bilər.

Əgər otaqda dərhal istiliyə ehtiyacınız varsa, bu, problem ola bilər. Əgər proqramlaşdırıla bilən termostatınız varsa, otağa daxil olmazdan əvvəl isti döşəmə sistemini işə salmaq üçün bundan istifadə edə bilərsiniz.

Elektriklə isti döşəmə sistemləri adətən su ilə isti döşəmə sistemindən daha sürətlə isinir, lakin su ilə isti döşəmə sistemi daha sabit istilik verir.

İstilik paylanmasını necə sürətləndirmək olar?

İstiliyin paylanma sürəti müəyyən dərəcədə döşəmə örtüyündən və izolyasiyadan asılıdır.

Siz kafel kimi istiliyi asanlıqla keçirəcək döşəmə örtüyündən istifadə etməklə bunu sürətləndirə bilərsiniz. 

Bəzi döşəmə növləri uzun müddət, hətta sistem söndürüldükdən sonra da istiliyi saxlayır. Məsələn, daş istiliyi vinil döşəmə örtüyündən daha uzun müddət saxlayır. İsti döşəmə sisteminin hamar şəkildə və kifayət qədər izolyasiya lövhələrinin üzərində quraşdırılması istiliyin daha tez yayılmasına kömək edəcək.

İsti döşəmə sistemləri asanlıqla təmir oluna bilir?

Əgər isti döşəmə sistemi quraşdırmağı düşünürsünüzsə, sistemdə nəyinsə səhv getməsi riski və ya bir neçə ildən sonra onu dəyişdirmək zərurəti ilə bağlı narahatlığınız ola bilər.

Əslində isti döşəmə sistemləri gündəlik istifadədən daha çox quraşdırma zamanı zədələnir.

Bu sistemlər, xüsusən də elektriklə isti döşəmə sistemləri normal iş şəraitində nadir hallarda sıradan çıxır, çünki izolyasiya lövhəsi, hamarlayıcı lövhə və döşəmə ilə təhlükəsiz şəkildə əhatə olunur.

Nasazlıq baş verdiyi halda, xüsusən də zədənin harada baş verdiyinə əmin deyilsinizsə, isti döşəmə sistemini təmir etmək üçün mütəxəssis mühəndislə əlaqə saxlamalısınız.

Bu mühəndislər döşəmə örtüyünün altındakı nasazlıqları bir neçə millimetrə qədər müəyyən edə bilər. Bu o deməkdir ki, onlar bütün döşəməni qaldırmadan bir kafel və ya bir hissəni qaza bilər.

Su ilə isti döşəmə sistemində nasazlıqlar termal görüntü kamerası və ya rütubəti ölçən cihaz vasitəsilə müəyyənləşdirilə bilər.