Preloader

Bizi izləyin

Blog

Oxu zalı: Yox olma təhlükəsi altında olan dillər

Oxu zalı: Yox olma təhlükəsi altında olan dillər

Təcrübəçilərimizin tərcümələrindən

Yox olma təhlükəsi altında olan dillər və onların nə üçün vacib olduğu haqqında ümumi məlumat

Dillər xalqların tarixini və mədəniyyətini təsvir edən sivilizasiyaların səsli pıçıltısıdır. Lakin bugün bu əvəzolunmaz pıçıltıların çoxu, təqribən 2500-dən çox dil YUNESKO tərəfindən yox olma təhlükəsi altında olan dil kimi müəyyən edilib. Yox olma təhlükəsi altında olan dillər həmin dildə danışanların sayının azalması və ya daha dominant dillərdən istifadəyə keçməsi nəticəsində məhv olmaq ərəfəsində olan dillərdir. Bu cür dillər bəzilərində səlis danışan çox az sayda insan qalıb və onların tamamilə yox olmasına çox az qalıb.

Gəlin bu cür 5 dilə ətraflı nəzər salaq: Yaponiyada Aynu dili, Şimali Amerikada Yuçi dili, Latviyada Livon dili, Avstraliyada Lardil dili və Cənubi Amerikada Teuelçe dili.

Aynu – Yaponiyada təbiətin səsi

Yaponiyanın uzaq şimalında ölkənin yerli əhalisi kimi tanınan Aynu xalqı bir vaxtlar yalnız Aynu dilində danışıb. Bu özünəməxsus dil təbiətlə dərin əlaqəni ortaya çıxarır, bu, dağların tanrısı mənasını verən “Kim-un-kamuy” kimi sözlərdə təzahür edir. Lakin Aynu dilində səlis danışan 10-dan az insan qalıb və bu xalqın zəngin xalq mədəniyyəti və ənənələrinin təcəssüm olunduğu qobelen nümunələri ciddi təhlükə altındadır.

Yuçi – Şimali Amerikada tənha ulduz

Sakit okean boyunca, Oklahoma ştatının şimal-şərqində, təcrid olunmuş, yəni digər hər hansı məlum dillə əlaqəsi olmayan bir dil olan Yuçi dili də oxşar çətin vəziyyətlə üzləşir. Hər biri 60 yaşdan yuxarı olmaqla 12-dən az sayda səlis danışanı olan bu dil və onun Kolumbiyadan əvvəlki özünəməxsus mədəniyyətə açılan eksklüziv pəncərəsi yox olmanın astanasındadır.

Livon – Latviyada son əks-səda

Avropada fin-uqor dillərinə aid olan Livon dilində qədim Baltik xalqının nağılları danışılıb. 2013-cü ildən bəri bu dildə danışanların olmamasına baxmayaraq, müxtəlif səviyyədə dil biliklərinə malik təqribən 40 insan bu dili yaşatmağa çalışır. Göz mənasını verən “õgõz” kimi sözlərin hələ də sağ qalması çoxəsrlik Baltik dənizçilik ənənələrini əks etdirir və mədəniyyətin yox olmasına qarşı davamlı müqavimətin olduğunu göstərir.

Lardil – Avstraliyada sonuncu dil mühafizəçiləri

Avstraliyanın Karpentariya körfəzindəki Morninqton adasına səyahət edərkən Lardil dilini kəşf edirik. Bu, zəngin nəğmə, rəqs və nağıl mədəniyyətinə əsaslanan bir dildir. Buna baxmayaraq, yalnız 3 səlis danışanı qalan Lardil dilində yaranan qədim nağıllar və müdrik sözlər böyük təhlükə altındadır. Unudulmaq təhlükəsi altında olan xəzinələr arasında özünəməxsus “Damin” dili də var – yalnız öyrənməyə həvəsli insanlara öyrədilən bu rəsmi dil dilçilər tərəfindən insan cəmiyyətlərinin müəyyən məqsədlə yaratdığı bir neçə məlum dil nümunələrindən biri hesab olunur.

Teuelçe – Pataqoniyada dəyişiklik küləyi

Sonuncu dayanacağımız bizi Cənubi Amerikanın cənub sərhədindəki Pataqoniyanın nəhəng düzənliklərinə aparır, burada Teuelçe dili bir zamanlar sərt, küləkli mühitə uyğunlaşan köçəri xalqın səsi idi. Mənası cənublular olan “aónikenk” kimi sözlər bu ərazi ilə dərin tarixi əlaqəni əks etdirir. Lakin bu dildə səlis danışan insan qalmadığı və dil barədə müəyyən qədər biliyi olan bir neçə yaşlı insan olduğu üçün Teuelçe dili dözümlü bir mədəniyyətin danışılmamış hekayələri ilə rezonans doğuran bir sükutu geridə qoyaraq, ölü dilə çevrilmək təhlükəsi ilə üzləşir.

Aynu, Yuçi, Livon, Lardil və Teuelçe kimi dillərin yox olması təkcə linqvistik itki demək deyil. Bu cür yox olma hadisəsi mədəni və intellektual müxtəlifliyimizə sarsıdıcı zərbədir. Bu dillər əvəzolunmaz dünyagörüşlərinin, bilik sistemlərinin və sosial təcrübələrin daşıyıcılarıdır. Onların yox olması bəşəriyyət kitabından əvəzolunmaz səhifələrin qoparılması deməkdir.

Nəzərə alınmalı mədəni məsələlərlə yanaşı, dillərin yox olma təhlükə altında olması həmçinin daha geniş sosial-siyasi bərabərsizlikləri əks etdirir və marjinallaşma və sosial təcridi kəskinləşdirir. Bundan əlavə, elmi baxımdan hər bir dil insan idrakına özünəməxsus yanaşmalar təqdim edir və onların yox olması zehnin linqvistik potensialı haqqında anlayışımızı məhdudlaşdırır.

Buna baxmayaraq, bu acı reallıq arasında bir ümid işığı var. Dilin canlandırılması, sənədləşdirmə və texnologiya sahəsində qlobal səylər səfərbər edilir. Dil canlandırma proqramları yeni nəsilləri yox olma təhlükəsi altında olan dilləri öyrənməyə həvəsləndirir, icma arasında qürur hissi yaradır. Eyni zamanda, dilçi-tədqiqatçılar yox olma təhlükəsi altında olan dilləri sənədləşdirir, rəqəmsal dil öyrənmə platformaları kimi texnologiya isə dilin daha geniş çərçivədə yayılmasına və öyrənilməsinə kömək edir.

Yekun olaraq, dillərin yox olma təhlükəsi altında olması və mühafizəsi təkcə elmi problem deyil; bunlar bəşəri irslə və mədəniyyətin yaşaması ilə bağlı problemlərdir. Aynu, Yuçi, Livon, Lardil və Teuelçe kimi dillər bizə xatırladır ki, hər bir dil ortaq bəşər tariximizin bizə qoyduğu mirasdır və birgə gələcəyimizin əvəzolunmaz hissəsidir. Yox olma təhlükəsi altında olan bu dilləri qorumaqla biz bəşər təcrübəsinin təkrarolunmaz müxtəlifliyini və qlobal icmamızın canlılığını qoruyuruq.

 

 

Photo by Anne Nygård on Unsplash