Təcrübəçilərimizin tərcümələrindən:
Ağız sağlamlığınızı yaxşılaşdıra və pulunuza qənaət edə bilən yaxşı stomatoloji gigiyena vərdişləri
Klinikalarda stomatoloqların növbəsinə düşmək getdikcə çətinləşdiyi və demək olar ki, hər şeyin qiyməti qalxdığı üçün ağız gigiyenası rutininizi qiymətləndirməyə və evdə profilaktik diş qulluğunu tətbiq etməyə dəyər.
Bu cür qulluğun bahalı və ya mürəkkəb olmasına ehtiyac yoxdur və o, uzunmüddətli perspektivdə pulunuza qənaət edə və sağlam qalmağınıza kömək edə bilər.
Gəlin gündəlik stomatoloji rutininizə nələrin daxil olmasına və dişlərinizə düzgün qulluq etmək üçün həqiqətən nəyə pul xərcləməli olduğunuza nəzər salaq.
1. Flüoridli diş pastası seçin
Flüorid ağız boşluğunun müdafiəsi üçün vacibdir və uzunmüddətli sübutlar onun təhlükəsizliyini və effektivliyini dəstəkləyir.
Dişləri flüoridli diş pastası (1350 – 1500 ppm konsentrasiyada) ilə düzgün fırçalamaq ağız sağlamlığını qorumaq üçün edə biləcəyiniz ən vacib şeydir.
Diş pastalarının çeşidləri getdikcə genişlənir, lakin diş pastası ilə bağlı fikirləri araşdırdığımız zaman görürük ki, əksər insanlar üçün ucuz bir flüoridli diş pastası bu işi görəcək.
Adətən, apteklərdə, endirimli mağazalarda və supermarketlərdə münasib qiymətə ağardıcı, həssas və ya diş əti sağlamlığı üçün sadə flüoridli diş pastaları tapa bilərsiniz.
Ən yaxşı müdafiə üçün dişlərinizi fırçaladıqdan sonra ağzınızı yaxalamayın, sadəcə tüpürün.
2. Dişlərinizin arasını təmizləyin
Bəli, bu bezdiricidir, lakin dişlər arasındakı qidanın ilişib qaldığı və diş daşlarının yarana biləcəyi boşluqları təmizləmək ağız sağlamlığınız üçün vacibdir.
Ənənəvi diş sapından, plastik diş sapından, diş arası boşluqları təmizləmək üçün fırçalardan və ya hətta irriqatorlardan istifadə edə bilərsiniz. Əsas məsələ sizin üçün uyğun olan bir vasitə tapmaq və onu davamlı olaraq istifadə etməkdir.
Bəzi stomatoloqlar diş sapının dəbdən düşdüyünü və dişarası fırçalarla əvəz olunduğunu deyir və həqiqətən də mövcud sübutlar aşkar edib ki, dişarası fırçalarla təmizləmə diş əti iltihabını idarə etmək və dişlərin arasında yığılan diş daşlarını təmizləmək üçün ən təsirli üsuldur. Lakin bunun uzunmüddətli perspektivdə daha yaxşı seçim olduğunu söyləmək üçün kifayət qədər sübut yoxdur və bəzi insanlar dişarası fırçaları dişlərinin arasına salmaqda çətinlik çəkir.
Dişlərin diş sapı ilə təmizlənməsinə gəldikdə isə, dişləri fırçalamazdan qabaq diş sapından istifadənin və ya diş aralarının təmizlənməsinin dişləri fırçaladıqdan sonra bunları etməyə nisbətən daha çox faydaları olduğuna dair zəif sübutlar var, lakin hər iki halda bu, əsassızdır. Yenə də gündəlik rutininizə ən uyğun olan variantı tapın ki, ondan davamlı olaraq istifadə edə biləsiniz.
3. Ağız yaxalayıcısından istifadə vacib deyil
Mütəxəssislər yalnız diş çürüməsi riski yüksək olan pasiyentlərə və ya diaqnoz qoyulmuş diş əti xəstəliyinin müalicəsinin bir hissəsi kimi ağız yaxalayıcısından istifadəni tövsiyə edir.
Əgər bu sizin üçün bir problemdirsə, ağız yaxalayıcısı nəfəsinizdən gələn pis qoxunu azaltmağa kömək edə bilər (dil təmizləyicisi də buna kömək edə bilər, lakin bunun üçün xüsusi bir alətə ehtiyacınız yoxdur, sadəcə diş fırçanızdan istifadə edə bilərsiniz).
Dişlərinizi fırçaladıqdan dərhal sonra ağız yaxalayıcısından istifadə etməyin, çünki diş pastasından daha çox konsentratlaşdırılmış flüorid əldə edəcəksiniz və ağız yaxalayıcısı onu yuyub aparacaq.
Əgər gündəlik xərclərinizi azaltmağa çalışırsınızsa və xüsusi diş əti və ya diş probleminiz yoxdursa, onda ağız yaxalayıcısından istifadə etməyə bilərsiniz.
4. Dişlərinizi səhər yeməyindən əvvəl və ya sonra fırçalamağınızın heç bir fərqi yoxdur
Dişləri səhər yeməyindən əvvəl fırçalamaq dişləriniz yediyiniz qidalardakı turşuya məruz qalmadan əvvəl onları erroziyadan qorumaqda çox az fayda verə bilər.
Dişləri yeməkdən dərhal sonra fırçalamağın (diş minası qida istehlakı səbəbindən bir qədər yumşaldığı zaman) diş minasında az miqdarda itki ilə nəticələnə biləcəyinə dair nəzəri bir risk var.
Lakin hər iki halda da sübutlar kifayət qədər deyil. Ən əsası dişləri gündə iki dəfə fırçalamaqdır, dişləri yatmazdan qabaq son dəfə fırçalamaq gecə boyu çürümə riskini azaldır. Odur ki, səhərlər dişlərinizi nə zaman fırçalayacağınıza görə narahat olmayın, sadəcə bu qaydaya əməl etdiyinizdən əmin olun.
5. Elektrikli diş fırçaları daha yaxşıdır, lakin dişləri düzgün fırçalamaq daha vacibdir
Elektrikli diş fırçalarının ümumiyyətlə diş daşlarının və diş əti iltihabının azaldılmasında adi diş fırçalarından daha effektiv olduğu göstərilir, lakin burada əsas olan düzgün fırçalama texnikasıdır.
Ümumilikdə təxminən 2 dəqiqə müddətində kiçik dairəvi hərəkətlərlə dişlərin bütün səthlərini yumşaq bir şəkildə fırçalayın. Dişlərinizi sərt şəkildə irəli-geri hərəkətlərlə sürtməyin, çünki diş minanızı zədələyə bilərsiniz.
Fırçanın tüklərinə gəldikdə isə, cod tüklər diş əti üçün sərt ola bilər, çox yumşaq tüklər isə yaxşı təmizləməyə bilər. Orta yumşaqlıqda tüklər çox güman ki, insanların çoxu üçün uyğun olacaq.
Photo by The Humble Co. on Unsplash